Fəaliyyət
Lənkəran Şəhər İcra Hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Yerli İcra hakimiyyətləri haqqında” əsasnaməni əsas götürərək rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında dövlət idarəçiliyini həyata keçirir, sosial-iqtisadi və mədəni inkişafı, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qorunması, qanuni mənafelərinin müdafiəsi, əhalinin rifahının yaxşılaşdırılması, infrastrukturun və digər sahələrin inkişaf etdirilməsi məsələlərini tənzimləyir.
Rayonun aparıcı sənaye müəssisələrindən ölkəmizdə “Made in Azerbaijan” brendi ilə “SELSİON” markalı yüksək keyfiyyətli müasir istilik sistemləri avadanlıqları istehsal edən yeganə müəssisə olan Lənkəran Mexanikləşdirmə MMC, “Pal-food” MMC, “Gilan-Lənkəran Konserv Zavodu, “Lənkəran Konserv” ASC, “Dostluq” müəssisəsi, “Azərxalça” MMC-nin Lənkəran filialı, “Green East” MMC, “Cənub Agro” MMC, “Muğan düyü” MMC, “Fruit Garden” MMC, “Gilan Agro” MMC, “ASSAM” MMC çay çəkici və bükücü fabriki, “Astaraçay” MMC və “Yaşı çay” MMC-nin istehsal etdikləri məhsulları həm daxili bazarda həvəslə alınır, həm də xarici ölkələrə ixrac olunur.
Rayonda çayçılığın inkişafına diqqət artmış, çay plantasiyaları xeyli genişləndirilmişdir. Rayon ərazisində mövcüd olan 641 hektar çay sahəsinin 483 hektarı son illərdə ayrı-ayrı fermerlər, sahibkarlar və torpaq payçıları tərəfindən salınmışdır. Çay plantasiyalarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Cari ildə 50 hektara yaxın yeni çay plantasiyalarının salınması istiqamətində işlər davam etdirilir. Həmin ərazilərdə yüzlərlə yerli sakin çayçılıqla bağlı daimi işlə təmin olunmuşdur.
Hazırda rayonda ümumilikdə 1344 hektar sitrus və subtropik meyvə bağları mövcüddur. “Gilan Aqro” MMC tərəfindən əvvəlki illərdə 100 hektar ərazidə Cənubi Koreyadan gətirilmiş “Hallobonq” sortlu sitrus tingləri əkilmişdir. Həmin meyvələr yerli sortlarla müqayisədə iki dəfə çox məhsuldarlığa malikdir. 2018-ci ildə “Fruit Garden” MMC tərəfindən Türkiyə Respublikasından gətirilmiş 1000 ədəddən çox yeni məhsuldar sitrus meyvə tingləri rayonun Separadi kəndində 150 hektar sahədə əkilmişdir. Yeni salınmış sitrus bağlarında respublikada ilk dəfə olaraq şaxtanın təsirini 0 dərəcəyədək azaldan Türkiyə istehsalı olan “donqoruyucu pərvanı” quraşdırılmışdır.
Eyni zamanda rayonda çəltikçiliyin inkişafına diqqət artırılmışdır. Ötən il 852 hektar sahədə çəltik əkini keçirilmiş və yüksək məhsuldarlıq əldə edilmişdir. Cari ildə çəltik sahələri genişləndirilib 900 hektara çatdırılmışdır. Hazırda rayonda 3 çəltik emalı zavodu fəaliyyət göstərir.
Rayonda son illər baramaçılığın inkişafına diqqət artırılmışdır. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illərdə rayon ərazisində 155,9 min ədəd tut tingi əkilmişdir ki, bunun da 99 mini Çin Xalq Respublikasından gətirilmişdir. Rayonda 2018-ci ildə 3,7 ton, 2019-cu ildə 8,8 ton yüksək keyfiyyətli yaş barama istehsal edilmişdir.
Rayonda turizm infrastrukturu xeyli yaxşılaşdırılmışdır. Lənkəran İsti su və sağlamlıq mərkəzi “Qafqaz sahil” oteli, “Xəzər Palace”, “Bəşəru”, “Palıdlı sahil”, “Xan Lənkəran”, “Palmalife”, “Dörd fəsil”, “Xanbulan”, “Dəniz” “Rahat məkan” “Cənnət xıl” “Pambəhi” “Starway”, “Şah” və “Əzizə” xidmət və istirahət mərkəzləri il ərzində minlərlə yerli sakinə və xarici turistə yüksək səviyyədə xidmət göstərir. Qeyd etmək lazımdır ki, Lənkəran İsti su və sağlamlıq mərkəzi regionda ən iri və yeganə sağlamlıq və istirahət mərkəzidir. Buranın xidmətlərindən təkcə yerli yox xarici turistlərdə istifadə edirlər. Dəniz turizminin inkişaf etdirilməsi ilə əlaqədar əlavə olaraq rayonda 2 özəl və 1 ictimai çimərlik yaradılmışdır. Rayonda yerləşən Qızılağac və Hirkan Milli Parklarından kənd və ekoturizmin inkişafı üçündə səmərəli istifadə edilir.
Rayonda idmanın inkişafına diqqət artırılmışdır. Lənkəran Olimpiya İdman Kompleksi, Regional Boks Mərkəzi, Mərkəzi şəhər stadionu, “Zirvə” İdman klubu gənclərin sevimli məşğuliyyət yerinə çevrilmişdir.
Lənkəran beynəlxalq Hava limanı təkcə rayon sakinləri üçün deyil, bütövlükdə cənub bölgəsinin sakinləri üçün çox əlverişli nəqliyyat koridoru açmışdır. Beynəlxalq reyslər həyata keçirən Hava limanında sərnişinlərin rahatlığı üçün ən müasir standartlara cavab verən şərait yaradılmışdır.
Lənkəran Müalicə Diaqnostika Mərkəzində həm rayon sakinləri, həm də bölgə əhalisi üçün ən müasir səviyyəli müayinə və müalicə imkanları yaradılıb. Burada dəfələrlə “açıq ürək” əməliyyatları keçirilmişdir. Uşaq poliklinikasında, Əlillərin Bərpa Mərkəzində və Mərkəzi xəstəxananın nəzdində yaradılmış Perinatal Mərkəzdə əhalinin sağlamlığı, ana və uşaqların mühafizəsi, müalicəsi və konsultasiya tədbirləri keçirmək üçün ən müasir tibbi şərait yaradılmışdır.
Cənab Prezidentin sərəncamı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin binası əsaslı şəkildə yenidən qurulmuşdur. Rayonlararası Narkoloji və Pisxatiriya xəstəxanaları üçün yeni müasir tipli bina tikilib istifadəyə verilmişdir.
Rayon ərazisində genişmiqyaslı quruculuq-abadlıq işləri davam etdirilir. Park və bağlarda yenidənqurma işləri görülür, mərkəzi küçələrdə, magistral yollar boyu milli ornamentli divarlar hörülmüş və üzərinə ağ lay üzlük çəkilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır, səkilər bərpa olunmuş, çoxmərtəbəli binaların dam hissəsi dəyişdirilmişdir, fasadlarına ağ lay üzlüklər vurulmuşdur, səkilərə tamet döşənilmişdir. Kanalizasiya xətləri, su arxları lil və alaq otlarından təmizlənir. Şəhidlər xiyabanı küçəsi əsaslı şəkildə yenidən qurulmuş, küçənin hər iki tərəfində səki tikilmiş, tamet düzülmüşdür. Küçə boyu ornamentli divar hörülmüş, qəzalı vəziyyətdə olan körpü bərpa olunaraq genişləndirilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır. Rayonun giriş qapısı olan Qumbaşı kəndi ərazisində və Göyşaban kəndində mənzərəli yol guşələri yaradılmışdır.
Heydər Əliyev Xatirə parkında və Ulu Öndərin abidə kompleksində əsaslı yenidənqurma işləri aparılmışdır. Parkda yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr əsaslı təmir olunmuş, yeni oturacaqlar qoyulmuş və müasir işıqlandırıcılar quraşdırılmışdır. Şəhərin mərkəzində yaraşıqlı Gənclər Mərkəzi tikilib rayon gənclərinin istifadəsinə verilmişdir. 3 mərtəbədən ibarət olan Mərkəzdə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzin 3-cü mərtəbəsində isə milli ənənələrə uyğun “Çay evi” yaradılmış və burada yaşlı nəslin nümayəndələri ilə gənclərin ənənəvi görüşlərinin keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Rayonda inşa edilmiş Bayraq meydanı və Heydər Əliyev mərkəzi rayon gəncləri üçün and yerinə çevrilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidə kompleksi və adını daşıyan park yenidən qurulmuşdur. Əlil və şəhid ailələri üçün 90 mənzilli 3, 8 şəhid ailəsi üçün fərdi mənzillər, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binaları tikilmiş, Hirkan və Qızılağac Milli Parkları yaradılmış, Lənkəran Dövlət Dram Teatrının binası, Şəhər Mədəniyyət Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi (Xan evi) yenidən qurularaq əsaslı təmir edilmişdir. Hazırda rayonda məcburi köçkünlər üçün 5 mərtəbəli, 45 mənzilli yaşayış binası tikilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 40 min nəfər əhalisi olan 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 22,7 km uzunluğunda (154,8 min m2) hissəsinə isti asfalt örtüyü döşənmiş, 4,2 km uzunluğunda hissəsinə çınqıl sərilərək yenidən qurulmuş, 28 min nəfər əhalisi olan 16 yaşayış məntəqəsini birləşdirən 12 km uzunluğunda Şürük-Vel-Qamışovka, 47 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğda Vilvan-Zövlə-Boladi-Liman, 10 min nəfər əhalisi olan 3 məntəqəni birləşdirən 18,8 km uzunluğunda Liman-Nərimanabad-Balıqçılar, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11,2 km uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük, 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən 22 km uzunluğunda Hirkan-Daşdatük-Biləsər, 11 min nəfər əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən 7 km uzunluğunda Hirkan-Mamusta-Siyavar və bundan əlavə 55 km uzunluğunda Lənkəran-Lerik avtomobil yolu yenidən qurulmuş, həmçinin şəhər daxili 17 km uzunluğda 23 avtomobil yolu əsaslı şəkildə təmir olunaraq vətandaşların istifadəsinə verilmişdir.
Ümumi Məhsul Buraxılışı (ÜMB) 2003-cü ilə nisbətdə 2019-cu ildə 7,1 dəfə, sənaye məhsulunun həcmi 15,8 dəfə, kənd təsərrüfatı məhsulu 3,8 dəfə və əsas kapitala yönəldilmiş vəsait 9,8 dəfə, o cümlədən tikinti quraşdırma işləri 11,9 dəfə artmışdır. 2003-2019-cu illər ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsi ilə 908 sahibkar ümumilikdə 29 mln manat güzəştli kredit almışdır. Fermerlərə ümumilikdə 2,28 mln manat subsidiya verilmişdir.
2003-2019-cu illər ərzində 33285-i daimi olmaqla 51029 yeni iş yeri açılmışdır.
Yaşayış məntəqələrinin 74,2%-i və ev təsərrüfatlarının 94,4%-i qazlaşdırılmışdır. Dövlət büdcəsi hesabına maliyyələşən “Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin icrasına 2011-ci ildə başlanmış və ölkə başçısının iştirakı ilə 05.09.13-cü ildə suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda kanalizasiya şəbəkəsinin inşası davam etdirilir.
2003-2019-cu illərdə 11864 şagird yerlik 48 məktəbdə təmir-tikinti işləri aparılmış, o cümlədən 38-i inşa edilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3024 şagird yerlik 9 məktəb binası inşa edilmiş və 120 yerlik qarışıq tipli uşaq evi yenidən qurulmuşdur. 4286 şagird yerlik 4 məktəb binası əsaslı təmir olunmuşdur. 7 modul tipli məktəb quraşdırılmış, 4 məktəb binasının tikintisi davam etdirilir.