Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı müzakirə edilib

20 iyun 2016 | 16:00

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan  “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr edilmiş konfrans keçirilmişdir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon mədəniyyət və turizm şöbələrinin nümayəndələri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri, ictimaiyyətin və KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli 2016-cı ilin ölkəmizdə prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən, respublikamızda və Lənkəranda multikultural ənənələrin daha da inkişaf etdirilməsi ilə bağlı,həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində multikulturalizmin ölkəmizdə dövlət siyasətinə, xalqın həyat tərzinə çevrildiyini vurğulayan V.Nəsirli bütün dünyanın multikulturalizm və tolerantlığın Azərbaycan modelini təqdir etdiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Folklor İnstitutunun direktoru Muxtar İmanov akademik Kamal Abdullanın elmi rəhbəri olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ictimai-siyasi əhəmiyyətindən, bədii məziyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Muxtar İmanov nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, kitabda sovet dövrünə qədər Azərbaycanın şifahi və yazılı ədəbiyyatında multikulturalizmlə bağlı ədəbi-bədii qaynaqlar toplanıb. Xalqın mənəvi sərvəti olan bu dəyərlər ölkəmizin cənub bölgəsində də yüksək səviyyədə qorunub saxlanır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov çıxışında bildirib ki, Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizm iki əsas prinsip - multikultural vətəndaşlıq və konstitusional vətəndaşlıq prinsipləri əsasında qurulub. Konstitusional vətəndaşlıq multikultural vətəndaşlığı hüquqi cəhətdən tənzimləyir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə multikulturalizmin bir fənn kimi ölkə daxilində 26 universitetdə, o cümlədən, Lənkəran Dövlət Universitetində magistratura səviyyəsində tədris olunduğunu vurğulayan R.İlyasov qeyd edib ki, multikulturalizm dünyada miqrasiya ilə formalaşdığı halda, Azərbaycanda bu dəyərlər tarixi köklərə malikdir. Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və konfransın təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər