Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evi istifadəyə verilib

20 iyun 2016 | 16:00

İyunun 20-də Lənkəran şəhərində oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evi istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lənkəran şəhərinin M.M.Axund küçəsində yerləşən ikimərtəbəli binanın ərazisi 0,2 hektar, ümumi sahəsi 1040 kvadratmetrdir.
Layihə üzrə binada qonaq otağı, inzibati otaqlar və 12 yataq otağı inşa edilib. Burada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.
Kiçik qrup evinin istiliklə təmin olunması üçün təbii qazla  işləyən müasir tələblərə cavab verən kombi quraşdırılıb.
2 nömrəli ailə tipli kiçik qrup evinə yerləşdirilməsi üçün dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olmuş tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib.
Ailə tipli kiçik qrup evində kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə olunaraq yaşayacaq. 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə onların kiçik qrup evində yaşamasına icazə verilir.
Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alacaq.
Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında sosial işçilər (tərbiyəçilər) məşğul olacaq.
Beynəlxalq təcrübədə uğurlu model hesab edilən ailə tipli kiçik qrup evində uşaqlara ev şəraitində yaşamaq imkanı yaradılıb. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılıb.
Nazirlər Kabinetinin qərarı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların ev şəraitində yaşamaq hüququnu təmin etmək məqsədilə 2013-cü ildə Bakı şəhərində 10 nəfər qız uşağı üçün 1 nömrəli ailə tipli kiçik qrup evi yaradılıb.
Yeni təhsil müəssisəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları ailə tipli kiçik qrup evində yaradılan şəraitlə yaxından tanış olublar.

Keçidlər