Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANLI GƏNCLƏR MİLLİ ORDU SIRALARINA TƏNTƏNƏLİ ŞƏKİLDƏ YOLA SALINDILAR

11 aprel 2016 | 16:00

Aprelin 11-də lənkəranlı çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma tədbiri keçirildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və çağırışçılar Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər gül dəstələri qoydular.
Sonra Heydər Əliyev Mərkəzinin qarşısında təntənəli mərasim keçirildi.
Tədbirdə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu gün ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzuladı. Bildirdi ki, Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün  Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur.
Bu gün hərbi xidmətə yola düşən gənclərin Vətən borcunu layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edən Taleh Qaraşov gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən rəşadətli ordumuzun  qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə  şəhidlərimizin qisasının alınmasını arzuladı.
Sonra İcra başçısı ordu sıralarından yenicə təxris olunanların bir qrupuna hərbi biletlər təqdim etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi cənub bölməsinin sədri, çağırışçıların valideynləri, çağırışçı gənc və ordudan təxris olunmuş əsgər çıxış edərək fikir və arzularını, Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söylədilər. Sonra məktəblilərin, tələbələrin və incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səsləndi, mahnılar ifa edildi.
Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb onun altından keçərək ordu sıralarına yola düşdülər.

Keçidlər