Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

TALEH QARAŞOVUN ƏHALİ İLƏ GÖRÜŞLƏRİNDƏ ANTİ-BÖHRAN TƏDBİRLƏRİ GENİŞ TƏBLİĞ OLUNUR

01 fevral 2016 | 16:00

Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov sakinlərlə yerlərdə növbəti görüşünü yanvarın 30-da Yuxarı Nüvədi kəndində keçirdi.
Görüşdə İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təkşilatların, xidmət sahələrinin rəhbərləri, Səpnəkəran və Yuxarı Nüvədi kəndlərindən 300 nəfər kənd sakini iştirak edirdi.
Görüşü giriş sözü ilə açan İcra başçısı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən bəhs edərək son illərdə həyata keçirilən iqtisadi islahatlardan, Azərbaycanda qazlaşdırmanın 90 faiz icra edilməsindən, yol infrastrukturunun yenilənməsindən, çoxlu sayda təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikilməsindən, müasir müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman komplekslərinin açılmasından, ordu quruculuğunun uğurla inkişaf etdirilməsindən, qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin salınmasından, yeni iş yerlərinin açılmasından və s. məsələlərdən ətraflı məlumat verdi, qazanılan nailiyyətlərin Heydər Əliyev siyasi kursunun bəhrələri olduğunu diqqətə çatdırdı.
Bildirildi ki, 2008-ci ildən dünyada hökm sürən iqtisadi böhran 2015-ci ilin sonunadək Azərbaycana təsirsiz ötüşdü. Mövcud iqtisadi böhrandan maksimum az itkisiz çıxmaq üçün cənab Prezident ardıcıl 23 Sərəncam və Fərman imzalamış, 3 böyük müşavirə keçirmiş, anti-böhran tədbirlərinin yerinə yetirilməsi, süni qiymət artımının qarşısını almaq üçün hökumətə, ayrı-ayrı komitələrə və müvafiq strukturlara konkret tapşırıqlarını vermişdir. Əhalinin  sosial müdafiəsini gücləndirmək üçün un və çörək məmulatları əlavə dəyər vergisindən azad edilmiş, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları, pensiya və müavinətlər artırılmışdır.
Qeyd edildi ki, xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmizdə möhkəm sabitlik, əmin-amanlıq mövcuddur.
2016-cı ilin yeni iqtisadi siyasət ili olacağını vurğulayan İcra başçısı bildirdi ki, əhalinin məşğulluğunu təmin etmək məqsədilə  Lənkəranda yeni sitrus bitkiləri sahələri yaradılacaq, yeni çay plantasiyaları salınacaqdır. Kənd təsərrüfatını inkişaf etdirmək üçün əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməli, heyvandarlığı, xalçaçılığı inkişaf etdirmək üçün fəallıq və təşəbbüskarlıq göstərilməli, kəndli torpağa üz çevirməli, keçmişdə “Ümumittifaq bostanı” adlandırılan Lənkəranın şöhrətini birlikdə əməli işimizlə özünə qaytarmalıyıq.
Görüşdə iştirak edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli cənab Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün imzaladığı Sərəncam və fərmanların əhəmiyyətindən danışdı, sahibkarlığın inkişaf etdirilməsi, ölkədə inhisarçılığın qarşısının alınması sahəsində görülən tədbirlərdən bəhs etdi, lənkəranlıları dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı.
Çıxış edən kənd sakinləri ölkədə gedən inkişaf proseslərinə, anti-böhran tədbirlərinə, əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirdilər, ölkə başçısının ətrafında sıx birləşdiklərini söylədilər, bir sıra təkliflərlə İcra başçısına müraciət etdilər.
Taleh Qaraşov görüşün sonunda vətəndaşların müraciət və təkliflərinin həlli üçün müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər