Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA AZƏRBAYCAN MEMARLAR İTTİFAQI İDARƏ HEYƏTİNİN QIŞ PLENUMUNDA SON ALTI AYDA GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ EDİLİB

21 dekabr 2015 | 16:00

Dekabrın 20-də Lənkərana gələn Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin III Plenumunun iştirakçıları əvvəlcə Lənkəran Dövlət Dram Teatrında Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasına baxıblar.
Dekabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin konfrans zalında plenum iştirakçıları ilə görüş keçirilmişdir. Görüş zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq Memarlar İttifaqı İdarə Heyətinin növbəti plenumunun Lənkəran şəhərində keçirilməsini qərarə aldığına görə İdarə Heyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonra plenum iştirakçıları Heydər Əliyev Xatirə parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 
Heydər Əliyev Mərkəzində Azərbaycan memarlarının yaradıcılığını əks etdirən “Müasir Azərbaycan memarlığı” mövzusunda sərgi ilə tanışlıqdan sonra Mərkəzin akt zalında Azərbaycan Memarlar İttifaqı (AMİ) İdarə Heyətinin 2015-ci il qış plenumu öz işinə başlamışdır. Plenumda son altı ay ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Plenumu giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı quruculuq işləri sahəsində, o cümlədən şəhərsalma və memarlıq sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açaraq şəhər, qəsəbə və kəndlərin memarlıq cəhətdən simasının xeyli zənginləşdiyini bildirib.
İcra başçısı qeyd edib ki, zəngin tarixi yol keçmiş Lənkəran şəhəri əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində müasir dövrədək mühafizə olunan “Bəlləbur qalası”, “Dairəvi qala”, “Şeyx Zahid” və “Seyid Xəlifə” türbələri,, “Bəlləbur qala”sının qalıqları, “Lənkəran mayakı” və digər tarixi memarlıq abidələri maddi mədəniyyətin qiymətli nümunələri sırasındadır. Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılağac Təbiət Yasaqlığı cənub bölgəsinin flora və faunasının zənginliyini əks etdirir.
Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısüı ilə ölkəmizin mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəranda regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bir sıra mühüm infrastruktur layihələr həyata keçirilib, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika və Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya Mərkəzləri, mehmanxana və istirahət mərkəzləri, yeni sənaye müəssisələri istifadəyə verilib.
Rayonda gedən dinamik və hərtərəfli inkişaf bir daha təsdiq edir ki, zəngin tarixi, güclü sənaye potensialına malik olan Lənkəran rayonu Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə gözəlləşir,  – deyə İcra başçısı diqqətə çatdırıb.
Sonra Lənkəran ŞİH aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Mahir Axundov çıxış edərək rayonda bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Plenumda çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Ümummilli Lider Heydər Əliyevin memarlıq sənətinə yüksək qiymət verdiyini vurğulayaraq  son altı ayda AMİ-də görülən işlər barədə məlumat verib.
Bildirilib ki, AMİ-nin mövcud memarlıq problemlərinə ölkəmizin müxtəlif bölgələrində təşkil olunmuş müşavirələrdə baxılması təcrübəsi təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, AMİ-nin səyyar plenumları 18-20 dekabr 2014-cü il tarixində Naxçıvan, 3-5 iyul 2015-ci il tarixində isə Gəncə şəhərlərində keçirilib. Bu plenumlarda ölkəmizin dövlət qurumlarının və layihə təşkilatlarının nümayəndələri, görkəmli memarlar, alimlər və istedadlı gənclər iştirak ediblər.
Bu il oktyabrın 8-9-da Mədəniyyət və Turizm Nazirliyinin, AMİ-nin birgə təşkilatçılığı ilə Bakı şəhərində İkinci Beynəlxalq Müsabiqənin keçirildiyini bildirən E. Qasımzadə mükafat fondu 52 min 500 manat təşkil edən müsabiqədə dünyanın 37 ölkəsindən 250-dən artıq layihələrin təqdim olunduğunu, iki nəfər azərbaycanlı memarın – Rasim Balakişiyevin və Elçin Əliyevin ən yüksək mükafata layiq görüldüyünü söyləyib.
Bakı şəhərində Beynəlxalq Memarlıq Akademiyasının filialının açıldığını vurğulayan AMİ İdarə Heyətinin sədri 1992-ci ildən AMİ-nin Beynəlxalq Memarlıq Assosiasiyasına üzv seçildiyini və 10 nəfər azərbaycanlı memarın bu Assosiasiyanın üzvü olduğunu diqqətə çatdırıb.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı”, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva “Lənkəranın şəhərsalma və memarlıq irsi” mövzusunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.
Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının sədri Nizami Şıxzamanovun  hesabatı dinlənilib,  AMİ-yə yeni üzvlər qəbul edilib, şəhərsalma və memarlıq sahələrində fəal iştirak etdiklərinə və Lənkəranın memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlərinə görə 3 nəfərə AMİ-nin Fəxri fərmanları verilib, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov AMİ-nin fəxri üzvü seçilib.
Tədbirin sonunda  AMİ-nin İdarə Heyətinin qış plenumunun qətnaməsi qəbul edilib.
Plenum işini başa çatdırdıqdan sonra qonaqlar Lənkəranın tarixi, mədəni abidələri ilə yaxından tanış olub, görməli, mənzərəli yerlərinə ekskursiya ediblər.

Keçidlər