Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLDİ

15 aprel 2015 | 15:00

Aprelin 15-də  əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Lənkəran Mədəniyyət Mərkəzində Lənkəran ŞİH-in  başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
Şura iclasında “2015-cü ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə hesabat” müzakirə edildi.
İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Lənkəran şəhərinə tarixi səfərindən, bu səfərin rayonumuzun tarixinə qızıl hərflərlə yazılacağını  bildirdikdən sonra dövlət başçımızın səfərinin gedişi barədə məlumat verərək qeyd etdi ki, möhtərəm Prezident əvvəlcə Heydər Əliyev Xatirə parkına gələrək  Ulu  Öndərin  abidəsini ziyarət etdi, abidənin önünə gül dəstəsi qoydu.
İcra başçısı  Heydər Əliyev Xatirə parkında aparılan abadlıq işləri,  burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şəraitin yaradılması barədə cənab Prezidentə məlumat verdiyini bildirdi.
Taleh Qaraşov  daha sonra dövlət başçısının  Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi, əsaslı təmir edilən Mədəniyyət  Mərkəzində yaradılan şəraitlə tanışlıqdan, burada şəhər ictimaiyyətinin nümayəndələri qarşısında tarixi çıxışından bəhs etdi,  Lənkəranda yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak etdiyini, yeni yaradılan  “Gilan aqro-sitrus” təsərrüfatı və yenidən qurulan  Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olduğunu diqqətə çatdırdı.
Son 3  ildə Lənkərana 3 dəfə səfər etdiyini vurğulayan İcra başçısı aprelin 14-də dövlət başçımızın Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və  Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun yenidən qurulması barədə imzaladığı iki sərəncamın əhəmiyyətindən danışdı,  bunu  möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi.
Taleh Qaraşov daha sonra  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrdən, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, ölkəmizin dinamik inkişafından, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I  Avropa oyunlarının yüksək səviyyədə təşkilindən, təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın gördüyü işlərin əhəmiyyyətindən və s. məsələlərdən ətraflı bəhs etdi.
İcra başçısı sonda dövlət başçımızın diqqət və qayğısı sayəsində Lənkəran rayonunun sürətli inkişafından, 2015-ci ilin rayonumuzun həyatında uğurlu il olacağından, yeni proqram və layihələrin yerinə yetiriləyəcəyindən əminliklə danışdı.
Sonra gündəlikdə duran məsələ barədə Lənkəran ŞİH başçısının müavini– Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun məruzəsi dinlənildi.
Məruzəçi bildirdi ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial- iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yaranmış, geniş miqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli investisiya layihələri icra edilmiş və yeni layihələrin icrasına başlanılmışdır. Aprelin 11- də cənab Prezidentin Lənkəran şəhərinə növbəti səfəri, bu səfər zamanı yeni obyektlərin açılışında iştirakı bir daha sübut etdi ki, Lənkəranın uğurlu gələcəyi  ölkə başçısının daim diqqət mərkəzindədir.
Cənab Prezident Mədəniyyət Mərkəzində şəhər ictimaiyyəti qarşısında çıxış edərkən görülən işlərə verdiyi yüksək qiymət bütün lənkəranlıların fədakar əməyinə verilən qiymət olmuşdur. Bu qayğıya görə hər bir lənkəranlı möhtərəm Prezidentimizə minnətdardır.
2015-ci  ilin  birinci  rübündə də  Lənkəran rayonunun  sosial-iqtisadi inkişafı sürətlə davam etmişdir. Rüb ərzində rayonda ümumi məhsul buraxılışı 3.2  faiz artaraq 63.6 milyon  manat  təşkil  etmişdir. Sənayedə 5.3 milyon  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən 10.4  faiz çox məhsul  istehsal  olunmuşdur. Sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcmi 6.3 faiz  artmış  və  ümumi  həcmdə  onun  xüsusi  çəkisi 58.8 faiz  təşkil  etmişdir.
Cari ilin  I rübündə  rayonda cəmi 665  yeni iş yeri açılmışdır ki, onlardan 545-i  daimi iş yerləridir.
İ.Rəhimov daha sonra sənaye,  təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, nəqliyyatda, Regional Poçt Filialında, Telekommunikasiya Qovşağında I rübdə görülən işlər barədə məlumat verdi, əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində  həyata keçirilən tədbirlərdən danışdı.
İcra rəsmisi həmçinin  qeyd etdi ki, rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvaqlanmış, bardürlər və hasarlar yenidən rənglənmişdir. Belə ki, 420 kvm hasar hörülmüş, 2500 kvm suvaq vurulmuş, divarlara 39400 kvm rəng vurulmuş, 38000 ədəd gül kolu, 500 ədəd dekorativ ağaclar əkilmişdir. Şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 9 binanın fasadı yenilənmişdir.
Cari ilin I rübündə şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhər daxili küçələrdə yolların sıradan çıxmış hissələrində 60523 kvadrat/metr cari təmir işləri aparılmış və asfalt döşənmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib istifadəyə verilmişdir. Rayon ərazisində 4 ədəd dəmir-beton konstruksiyalı avtomobil körpüsü quraşdırılmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə 2015-ci il martın 1-dən martın 31-dək rayonda Yaşıllaşdırma aylığı keçirilmişdir. Yaşıllaşdırma aylığı çərçivəsində rayonun bütün yaşayış məntəqələrində, idarə və təşkilatların ərazilərində, o cümlədən,  Göyşaban, Sütəmurdov, Gərmətük, Şürük yaşayış məntəqələrində, Hava Limanı ərazisində və Bakı-Astara magistral yolunda eldar şamı, küknar,dəmirağacı, akasiya və xan çinar ağacları əkilmişdir. Ümumilikdə rayon ərazisində 35753 ədəd ağac əkilmişdir.
Cənab Prezidentin göstərişinə əsasən əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər görülmüşdür. Bununla əlaqədar müayinə qrafiki tərtib olunmuş və şəhər əhalisinin müayinə olunması Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Konsultativ Poliklinika şöbəsinə və Lənkəran Müalicə Diaqnostika Mərkəzinə həvalə olunmuşdur. Kənd əhalisinin müayinədən keçməsi üçün ixtisaslı həkimlərdən ibarət briqadalar təşkil edilmiş və yaşayış məntəqələrinə göndərilmişdir. Birinci rüb ərzində ümumilikdə 56687 nəfər tibbi müayinədən keçmişdir, aşkar olunmuş 168 nəfər xəstə Bakı şəhərinə müalicə olunmaq üçün göndərilmişdir.
2015-ci il Cənab Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan edilmişdir. Bununla əlaqədar sahibkarlar və fermerlərlə söhbətlər aparılmış və onlara ərzaq təhlükəsizliyinin qorunması, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrinin dövriyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması ilə əlaqədar tövsiyələr verilmişdir. Bunun nəticəsidir ki,  rayonda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılmışdır. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır hazırda 10 hektar ərazidə “Gilan Agro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qatılacaq və bu 2 min daimi iş yerinin yarınmasına imkan verəcəkdir. Yeni sitrus meyvələrinin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulub. O, cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan “Gilan Lənkəran Konserv Zavodunda” meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcəkdir ki, bu da 180 min nəfərin illik istehlak normasına bərabədir.
Məruzə ətrafında müzakirələrdə şəhər Müaliyə idarəsinin rəisi İqbal Rəcəbov, şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev və Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Çay və sitrus bitkilər filialının direktoru Fərman Abdullayev çıxış etdilər, ilin I rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Sonda Lənkəran ŞİH başçısı aparatında Ərazi İdarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11- də Lənkəran ictimaiyyəti nümayəndələri qarşısında etdiyi çıxışın mətnini və iclas iştirakçıları adından möhtərəm Prezidentə ünvanlanmış müraciəti oxudu.

Keçidlər