Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HİRKAN QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ

04 mart 2015 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 4-də Hirkan qəsəbəsində keçirdi. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Hirkan qəsəbəsinin və Parakənd kəndinin sakinləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Hirkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Xəlilov məlumat verərək bildirdi ki, inzibati ərazi dairəsi Hirkan qəsəbəsini və Parakənd kəndini birləşdirir. Ərazi üzrə 739 təsərrüfatda 3246 nəfər əhali yaşayır. Ümumi ərazi 735 hektardır. Əhali əsasən əkinçilik, sitrusçuluq və maldarlıqla məşğuldur.
İcra nümayəndəsi əlavə etdi ki, qəsəbənin inkişaf tarixi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ilk siyasi hakimiyyəti dövründə Lənkərana səfərləri zamanı dəfələrlə qəsəbədə olmuş, əhali ilə birbaşa çay plantasiyalarında görüşmüş, onların qayıları ilə maraqlanmış, sovxoz təsərrüfatının inkişafı, sakinlərin firavanlığı üçün tövsiyə və tapşırıqlarını vermişdir. Əhali həmin görüşləri bu gün də xoş təəssüratlarla xatırlayır. Onlar hazırda Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin qayğı və diqqətinin bəhrələrinin şahididirlər.
Sonra çıxış üçün söz ayrı-ayrı sakinlərə verildi.
Axund Ayaz Mirzəyev, təqaüdçü Fərman Salayev, Hirkan qəsəbə tibb məntəqəsinin müdiri Seyidəmir Babayev, Hirkan qəsəbə tam orta məktəbinin direktoru Adil Kərimov, Parakənd kənd sakini Ehtiram Nabatov və başqaları çıxış etdilər, arzu və təkliflərini söylədilər. Birmənalı olaraq vurğulandı ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətlə inkişaf edir və gündən-günə abadlaşır. Dövlət başçımızın diqqət və qayğısı sayəsində Lənkəran rayonunda da genişmiqyaslı abadlıq və tikinti-quruculuq işləri aparılır. Lənkəran şəhəri bu gün respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Hirkan qəsəbəsində 480 şagird yerlik yeni məktəbin tikilib istifadəyə verilməsi, qəsəbənin, o cümlədən Parakənd kəndinin başdan-başa qazlaşdırılması, 600 metrlik yolun asfaltlaşdırılması, qəsəbədə bankomatın qoyulması və s. əhalinin böyük razılığına səbəb olmuşdur.
Çıxışlarda həmçinin bir sıra təkliflər irəli sürüldü, Hirkan tibb məntəqəsinin, Parakənd kəndində məktəb binasının əsaslı təmirə ehtiyacı olduğu, magistral yol boyunca kanalların təmizlənməsi və s. diqqətə çatdırıldı.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov bu gün çox gözəl səyyar qəbul-görüşün şahidi olduğunu söyləyərək qeyd etdi ki, belə görüşlər hakimiyyətlə əhali arasında körpü rolunu oynayır. Qəbul olunmuş Dövlət proqramlarına əsasən regionların sosial-iqtisadi inkişafı mərhələ-mərhələ həyata keçirilir. Əhali tərəfindən qaldırılan problemlər əhəmiyyətinə və mühümlüyünə görə Prezident Administrasiyasında nəzərə alınır. Bunun üçün bütün təkliflər sistemləşdirilir və müvafiq qurumlar qarşısında məsələ qaldırılır, konkret tapşırıqlar verilir.
Səyyar qəbul-görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirdi ki, Lənkəranda müasirləşmə, yeniləşmə prosesi həyata keçirilir, Dövlət Proqramında nəzərdə tutulan vəzifələr sürətlə yerinə yetirilir. Dövlət başçısı Azərbaycan vətəndaşlarının daha yaxşı yaşaması üçün çoxsaylı sərəncamlar, fərmanlar imzalayır. Mövcud problemlər öz həllini tapır. İnsan amili əsas faktor kimi daim diqqət mərkəzindədir.
İcra başçısı daha sonra süni qiymət artımının qarşısının alınması üçün İcra hakimiyyətində onun sədrliyi ilə xüsusi komissiyanın yaradıldığını və neqativ halların qarşısının qətiyyətlə alındığını, bu sahədə nöqsanlara yol verənlərin cəzalandırıldığını xüsusi vurğuladı.
Taleh Qaraşov sonda lənkəranlıların həmişə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olduqlarını söylədi, bütün lənkəranlıları dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü və əziz Novruz bayramı münasibətilə təbriklərini, hamıya ən səmimi və xoş arzularını çatdırdı.

Keçidlər