Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA KEÇİRİLƏN REGİONAL KONFRANSDA YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARI İLƏ KİV ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLDİ

22 yanvar 2015 | 16:00

Yanvarın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda regional konfrans keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında nəşr olunan qəzet və jurnalların redaktorları, KİV təmsilçiləri iştirak edirdi.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdıraraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində rayonda həyata keçirilən infrastruktur layihələri, tikinti və abadlıq işləri barədə məlumat verdi.

Lənkəran rayonunda yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında qarşılıqlı əlaqələrin yaradıldığını vurğulayan T.Qaraşov bu sahədə heç bir problemin olmadığını, jurnalistlərin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, bu il qurumun ilk tədbiri Lənkəranda keçirilir.

Azad sözün, azad mətbuatın inkişafı ilə bağlı ötən il 10 bu cür tədbirin keçirildiyini qeyd edən V. Səfərli il ərzində fondun keçirdiyi fərdi yazı müsabiqələrində 500 jurnalistin iştirak etdiyini, onlardan 350 nəfərinin qalib kimi mükafatlandırıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, KİVDF tərəfindən 19 istiqamət üzrə layihələr həyata keçirilir. Bu layihələr 30-dan çox qəzetdə işıqlandırılıb.

Bildirildi ki, hər ilin yekunlarına görə, jurnalistlərlə və fond ilə sıx əməkdaşlıq edən rəhbər işçilər mükafatlandırılır. 2014-cü ilin yekunlarına görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fondun diplomuna layiq görülüb.

V.Səfərli diplomu Taleh Qaraşova təqdim etdi.

Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qlobal informasiya məkanında media təhlükəsizliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli informasiya əldə etmək haqqında qanunvericiliyin tələbləri, KİVDF-nin Müşahidə Şurası sədrinin müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə peşə və davranış qaydalarını pozan “reket jurnalistlər” barədə çıxış etdilər.

Regional konfransda çıxış edən bölgə jurnalistləri – Cəlilabadda çıxan “Yeni gün” qəzetinin redaktoru Böyükxan Bağırlı, “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, “Astara” qəzetinin redaktoru Azər Abdullayev, “Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri Əlisəfa Həsənov yerli icra hakimiyyətləri ilə KİV-lər arasında əlaqələrdən söhbət açaraq mövzu ilə bağlı təkliflərini bildirdilər.

Keçidlər