Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 20 YANVAR FACİƏ QURBANLARININ XATİRƏSİ ANILDI

20 yanvar 2015 | 16:00

20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlığı və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və sovet ordusu tərəfindən öz qanına qəltan edildi. Sovet ordusu tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu.

Qəlblərindəki azadlıq yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular.

20 Yanvar faciə qurbanlarının 25-ci ildönümü – Ümumxalq Hüzn günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük ehtiramla yad edildi. Həmin gün səhər saatlarından Şəhidlər Xiyabanında böyük izdiham var idi.

Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoydu.

Sonra İcra başçısı şəhidlərin məzarı önünə tər qərənfil dəstələri düzdü, şəhid ailələrinin üzvlərinə başsağlığı verdi.

Daha sonra ümumxalq ziyarəti başlandı. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Sonra Heydər Əliyev Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi oldu.

Qeyd edək ki, yanvarın 20-də rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrində səs siqnalları verildi.

Keçidlər