Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BAKININ YASAMAL VƏ SƏBAİL RAYONLARININ MƏKTƏBLİLƏRİ CƏNUB BÖLGƏSİNDƏ

10 noyabr 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə məktəblilərin respublikamızın müxtəlif rayonları ilə tanışlığı məqsədilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhərinin Yasamal və Səbail rayonundan olan 90 məktəbli cənub bölgəsinə gəlib.
Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarının qarşılanma mərasimi oldu.
Bakılı məktəbliləri salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söhbət açaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.
Qeyd olunub ki, tur-aksiya ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlər, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində yaxından tanış olmaq imkanı yaradacaqdır.
Məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, Dahi rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponalar və foto-şəkillərlə tanış oldular.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərdə böyük maraq doğurdu. Onlara məlumat verildi ki, 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayan Mərkəzdə göstərilən xidmətlərdən təkcə gənclər  deyil, rayon əhalisinin bütün təbəqələri bəhrələnirlər.
Tur-aksiyanın iştirakçıları sonra Lənkəran şəhərindəki “Xan sarayı” ilə tanış oldular. Məktəblilərə məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq əsaslı təmir edilən “Xan sarayı” 1912-ci ildə Talış xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib.
Daha sonra məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verildi.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Azərbaycanlıların soyqırımı abidəsi və Bayraq Meydanı ilə tanışlıq da məktəblilər tərəfindən razılıqla qarşılandı.
Günün ikinci yarısında məktəblilər “Xanbulan” istirahət mərkəzi, Hirkan Milli Parkı, Haftoni qəsəbəsində fermer Fərman Quliyevin çay plantasiyası, Hirkan qəsəbəsində çay plantasiyası ilə tanış oldular.
Tur-aksiyanın iştirakçıları ilk təəssüratlarını bizimlə də bölüşdülər.
Səbail rayonundakı 91 nömrəli tam orta məktəbin XI sinif şagirdi Leyla Əsgərova dedi: “Sevincimin həddi-hüdudu yoxdur. Elə bil ki, yuxudayam. Ətrafda hər şey gözəldir. İlk dəfədir Azərbaycanın bölgələrinə səfər edirəm. Cənub bölgəsinin əsrarəngiz gözəllikləri haqqında çox eşitmişdim. İndi isə bu gözəllikləri  öz gözlərimlə görürəm. Burada dənizlə dağlar arasında məsafə çox yaxındır. İnsanları da çox mehribandır. Çox sevinirəm. Bizə bu sevinci bəxş edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbin IX sinif şagirdi Çimnaz Həsrətova söhbətə qoşularaq fikirlərini belə ifadə etdi: “Cənub bölgəsinin çox qədim tarixi vardır. Bu gün “Dairəvi Qala”da, “Xalq sənətkarlığı mərkəzi”ndə, “Qoşa Qala qapısı”nda, “Mayak” və “Xan sarayı” ilə tanışlıq zamanı bunun bir daha şahidi oldum.
Qədim tarixə malik Lənkəranın bu günü daha gözəldir. Səliqə ilə salınmış parklar, xiyabanlar, hündürmərtəbəli binalar göz oxşayır. Bütün bünlar bu günün reallıqlarıdır. Tur-aksiyanın ilk günü məndə zəngin təəssürat oyadıb. Gördüklərim barədə dostlarıma da danışacağam. Biz bir daha şahid olduq ki, doğma Azərbaycanımızın hər guşəsi gözəldir. Alqış bu gözəlliyi yaradanlara!”

Keçidlər