Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“VƏTƏN SƏNƏ OĞUL DEDİ”

08 noyabr 2014 | 16:00

   Noyabrın 8-də Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adını almış Əsgər Ələkbər oğlu Əliyevin ad günüdür. Bu münasibətlə Lənkəranda qəhrəmanın xatirəsi dərin ehtiramla yad edildi.
   Həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və Milli Qəhrəmanın doğmaları Əsgər Əliyevin adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkına gələrək onun büstünü ziyarət etdilər və önünə təzə-tər qərənfil dəstələri düzdülər.
   Əsgər Ələkbər oğlu Əliyev 8 noyabr 1974-cü il tarixdə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. O, 1982-1992-ci illərdə Ləj kənd və Haftoni qəsəbə orta məktəblərində təhsil almışdır. Daha sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində davam etdirmişdir. 1995-ci ilin 14-17 mart tarixlərində Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əsgər Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lənkəran şəhərinin “Dostluq” mədəniyyət və istirahət parkına onun adı verilmiş, parkda büstü qoyulmuşdur.
   Noyabrın 8-də Lənkəran şəhərindəki “Qala” otelində Əsgər Əliyevin 40 illik yubileyinə həsr edilmiş “Vətən sənə oğul dedi” adlı tematik gecə keçirildi.
   Milli Qəhrəmanın və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.
   Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirdi ki, təəssüf hissi keçiririk ki, Əsgər Əliyev az ömür yaşadı. Qürur hissi keçiririk ki, Əsgər mənalı, şərəfli ömür yaşadı. 1995-ci ildə dövlətçiliyimizin əleyhinə çıxan qaragüruhçu qüvvələr xaricdəki əlaltıları ilə birləşərək müstəqilliyimizi devirməyə can atırdılar. Lakin onlar mənfur niyyətlərinə nail ola bilmədilər. Çünki Əsgər Əliyev kimi vətənpərvər oğullarımız birləşərək müstəqilliyimizi məhv olmaqdan qorudular. Bunun üçün canlarından keçdilər. Əsgər Əliyev milli ruhda böyüyüb tərbiyə almışdı. Ona görə də o, Vətən və el sevgisini hər şeydən üstün tutdu. Bəli, heç kəs unudulmur, heç nə yaddan çıxmır. Əsgər də öz şərəfli ömrü ilə ölümsüzlüyə, əbədiyyətə qovuşdu. Müstəqil Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderimiz Əsgər Əliyev kimi qəhrəmanlara, bütün şəhidlərimizə, onların ailə üzvlərinə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Hazırda bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev dönmədən uğurla davam etdirir. Düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq, şəhidlərimizin ruhu da sevinəcəkdir. Əsgər Əliyev kimi mərd, cəsur oğulların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
   Sonra Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev oğlunun şərəfli ömür yolu haqqında danışdı, onun və bütün şəhidlərimizin xatirəsini daim əziz tutduqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, o cümlədən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova ailə üzvləri adından dərin minnətdarlığını bildirdi.
   Bədii qiraətçi Elvin Abdullazadə qəhrəmanlıq haqqında şeir söylədi.
   Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı Əsgər Əliyevə həsr etdiyi şeirini oxudu.
   Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, şəhər 6 nömrəli məktəb-liseyin direktoru, Əməkdar müəllim Akif Xalıqov və Qarabağ Əlilləri İctimai Birliyi Lənkəran şöbəsinin sədri Əbülfət Əliyev çıxış edərək ürək sözlərini söylədilər.
Sonda ehsan verildi.

Keçidlər