Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DSMF SƏDRİ LƏNKƏRANDA 5 RAYONUN SAKİNLƏRİ ÜÇÜN QƏBUL KEÇİRİB

09 oktyabr 2014 | 15:00

Vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.  Ayrı-ayrı bölgə sakinlərinin yerlərdə qəbul edilməsi, onların müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev oktyabrın 9-da Lənkəran şəhərindəki  Heydər Əliyev Mərkəzində  Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin www.sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin  Fondun müvafiq rayon şöbələrinin inzibati  binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb.   “Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı,  o cümlədən  sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.  DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edən pensiyaçılar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

 

Keçidlər