Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “CƏMİYYƏTİN İNKİŞAFINDA QADINLARIN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

26 sentyabr 2014 | 15:00

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafında qadınların rolu” mövzusunda konfrans keçirilmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən qadınların iştirak etdiyi konfransı giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva açaraq iştirakçıları salamladı, mövzu haqqında məlumat verdi.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ilə bağlı geniş çıxış etdi. Komitə sədri bildirdi ki, Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daim mühüm yer tutub. O, bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Bu gün elə qadınlar var ki, öz işində, xüsusən siyasətdə, biznesdə heç də kişilərdən geri qalmır. Əksinə, daha çox nailiyyətlərə imza atır.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası  qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə BMT-nin "Qadınların siyasi hüquqları", 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub.
Artıq qətiyyətlə demək olar ki, Azərbaycan hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi).
Konfransda həmçinin ayrı-ayrı iştirakçılar çıxış edərək bu gün Azərbaycan hökumətinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qadın hüquqlarının müdafiəsində fəal  mövqe nümayiş etdirməsindən danışdılar. Məhz bunun məntiqi nəticəsi kimi bu gün artıq dünyanın əksər yerlərində Azərbaycan qadını diasporunun formalaşdığını bildirdilər.
Çıxışlarda həmçinin bu gün qloballaşan dünyamızda uşaqlarımızın milli-mənəvi, vətənpərvər ruhda tərbiyələndirilməsi, onların gələcək həyatının formalaşdırılması baxımından ailənin ən vacib tərbiyəedici qüvvəsi sayılan qadınlarımızın üzərinə daha böyük məsuliyyətin düşdüyü xüsusi vurğulandı.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər