Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ BİLƏSƏR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

04 sentyabr 2014 | 15:00

Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 4-də rayonumuzun ən ucqar dağ kəndlərindən olan Biləsərdə keçirdi.
Səyyar qəbul-görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə yeni inşa edilmiş Biləsər həkim məntəqəsinin açılışı oldu. İcra başçısı və digər qonaqlar məntəqədə yaradılmış şəraitlə yaxından tanış oldular.
Nümayəndəliyin ərazisi Biləsər, Alazəpin, Seliqavla və Vıy kəndlərindən ibarətdir. Ərazidə 365 təsərrüfat, 773 hektar torpaq sahəsi vardır. Əhalinin sayı 1800 nəfərdir. Hazırda ərazidə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 2 kitabxana, 2 klub, 1 poçt, 1 ATS və 1 seçki məntəqəsi fəaliyyət göstərir.
Kəndlər dağlıq ərazidə yerləşdiyinə görə əkinçilik üçün yararlı torpaqlar azlıq təşkil edir. Buna baxmayaraq, əhali fədakarlıqla çalışaraq həm əkinçilik, həm də heyvandarlıqla məşğul olur, şəxsi təsərrüfatlarda ev quşları bəslənilir, arıçılıq inkişaf etdirilir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhalini salamladıqdan sonra belə ucqar yerdə həkim məntəqəsinin açılmasını təqdirəlayiq hesab etdi. İcra başçısı ən qısa zamanda məntəqəni zəruri tibbi avadanlıqlarla təmin etməyi tapşırdı.
Taleh Qaraşov çıxışında qeyd etdi ki, il yarım bundan əvvəl kənddə keçirilən görüş zamanı Biləsər həkim məntəqəsinin yarıtmaz olması barədə məsələ qaldırılmışdı. Görüşdən dərhal sonra yeni həkim məntəqəsinin tikilməsi barədə göstərişlər verildi. Bu yeni tikilən həkim məntəqəsi əhalinin sağlamlığına xidmət edəcək.
İcra başçısı həmçinin bildirdi ki, Hirkan-Biləsər avtomobil yolunun əsaslı təmiri, yeni məktəbin tikintisi, ərazinin qazlaşdırılması növbəti mərhələlərdə icra ediləcəkdir.
Sonra ayrı-ayrı kənd sakinləri çıxış edərək arzu və təkliflərini söylədilər.
Alazəpin kənd sakini Nəzakət Hadıyeva 9-cu sinifdə oxuyan oğlunun Lənkəran Peşə liseyində təhsilinin davam etdirilməsinə köməklik göstərilməsini xahiş etdi.
Müəllim Firudin Kərimov həkim məntəqəsinin istifadəyə verilməsinə görə bütün kənd sakinləri adından cənab Prezident İlham Əliyevə və icra başçısı Taleh Qaraşova təşəkkürünü bildirdi.
Biləsər kənd sakini Kamal Həsənov əraziyə çəkilmiş elektrik naqillərinin və dirəklərinin köhnə olduğunu diqqətə çatdırdı.
Alazəpin kənd sakini Ramiz Nuriyev azyaşlı uşaqların peyvənd edilməsinin vacibliyini önə çəkdi.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bugünkü görüş zamanı qaldırılan məsələlərin mərhələ-mərhələ nəzərə alınacağını bildirdi, növbəti illərdə respublikamızda, o cümlədən rayonumuzda uşaq bağçası – körpələr evlərinin tikintisinin dövlət hesabına reallaşacağını söylədi, dövlətimizin iqtisadi qüdrəti artdıqca bütün ölkə ərazisində yeni yol layihələrinin həyata keçiriləcəyini, xüsusilə dağ kəndlərinin yol problemlərinin öz həllini tapacağını əminliklə söylədi.
Görüş başa çatdıqdan sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim briqadası yeni inşa edilmiş Biləsər həkim məntəqəsində əhalinin tibbi müayinəsinə başladı.

 

Keçidlər