Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Mən fəxr edirəm ki,azərbaycanlıyam” adlı konfrans keçirildi

05 avqust 2014 | 15:00

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi(TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti görüş 04 avqust 2014-cü il tarixdə Lənkəran şəhərində baş tutub. Öncə iştirakçılar son günlər cəbhədə torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, daha sonra 90-a yaxın yeniyetmə və gəncin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə davam etdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Yusif Xamiyev gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində gördükləri işlərdən danışıb. Natiq bildirib ki, Azərbaycan dövləti milli-mənəvi dəyərləri, vətənpərvərlik ideyalarını təbliğ edən layihələri həmişə dəstəkləyib. O, gəncləri azərbaycançılıq məfkurəsini dərindən mənimsəməyə və Heydər Əliyev irsini mükəmməl  öyrənməyə çağırıb.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov isə öncə TUMİB-in gənc nəslin təlim-tərbiyyəsi istiqamətində gördüyü işlər barədə iştirakçıları bilgiləndirib. TUMİB sədri bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına 2013-cü ildən başlanılıb: “Layihənin əhəmiyyətini nəzərə alıb, onun icrasını davam etdirməyə qərar verdik. İndiyə kimi Qazax, Ağstafa, Masallı şəhərlərində yaşayan gənclərin iştirakı ilə tədbirlər keçirmişik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi planlaşdırılır”.
Ç.Bayramov da Azərbaycan gənclərini Heydər Əliyev irsini dərindən öyrənməyə çağırıb. TUMİB sədri deyib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır: “Əgər ulu öndər olmasaydı, bu gün Suriyada, İraqda, Əfqanıstanda və Ukraynada təkrarlanan hadisələr 21 il əvvəl Azərbaycanda baş verəcəkdi. Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Məhz ulu öndərin sayəsində Azərbaycan dinamik və dönməz inkişaf yoluna qədəm qoydu. Siz təkcə uzaq deyil, həm də yaxın keçmişdə baş verən bu hadisələrin mahiyyətini öyrənməyə çalışmalısınız. Tariximiz imkan verir ki, biz öz soy-kökümüzlə, keçmişimizlə fəxr edək”.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gəncləri milli donor təşkilatları ilə əməkdaşlıq etməyə səsləyib. S.Verdizadə deyib ki, gənclər yerli donor təşkilatlarına müraciət etməklə fərdi qaydada öz təşəbbüslərini reallaşdıra bilərlər: “Yaxşı olar ki, siz özünüz də bu prosesə qoşulub, həmyaşıdlarınız arasında vətənpərvərlik ideyalarını təbliğ edəsiniz. Azərbaycanın dövlət atributlarını sevmək, təbliğ etmək vətənpərvərlik nümunəsidir. Vətənpərvər olmaq üçün xüsusi qəhrəmanlıq göstərməyə ehtiyac yoxdur. Yaşadığınız küçədə qurumaqda olan bir ağacı sulamaqla da vətənpərvərlik nümunəsi göstərmək mümkündür”. S.Verdizadə gəncləri təhsil prosesinə ciddi yanaşmağa çağırıb: “Azərbaycanın gələcəyi sizin əlinizdədir. Həmin dövrə indidən hazırlaşmaq lazımdır. Gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək üçün yaxşı oxumalı, müasir informasiya texnologiyalarının “dilini” bilməlisiniz”.
Tədbirdə çıxış edən “Palitra” qəzetinin Siyasət şöbəsinin müdiri, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı İlkin Ağayev azərbaycançılıq məfkurəsinə dərindən yiyələnməkdə savadın, Vətən haqqında müfəssəl bilgilərə yiyələnməyin zəruriliyini önə çəkdi: “BMT-nin savadlılıq kriteriyalarına görə müasir dünyada savadlı şəxs yazıb-oxumağı bilməkdən əlavə, kompyuter bilgilərini yaxşı bilməli, hər hansı bir  geniş yayılmış xarici dili, sosial hüquqlarını bilməli və nəhayət, bu bilgiləri digərlərinə ötürməyi bacarmaldır. Bu bilgilər içərisində isə ən vacibi yaşadığın, böyüdüyün, kök atdığın Vətən haqqında müfəssəl biliklərə yiyələnmək, onun tarixini, mədəniyyətini, spesifikasını, mətbəxini və sairi dərindən öyrənməkdir. Bu bilgilərin hamısına yiyələndikdən sonra savadlı bir kadr olmaqla bərabər, savadlı və ziyalı bir vətənpərvər olursan”. İ.Ağayev bu gün Azərbaycanda yüksək tolerantlıq mühitini, sabitliyi pozmağa çalışan qüvvələrin destruktiv cəhdlərindən də danışdı: “Bu cür cəhdlərin qarşısı Azərbaycan dövləti və cəmiyyəti tərəfindən həmişə alınıb və gələcəkdə də alınacaq. Eyni zamanda, milli təhlükəsizliyi ilə sıx bağlı olan dini təhlükəsizliyi təmin etmək barəsində də bunu bildirmək lazımdır. Azərbaycançılıq məfkurəsinə dərindən yiyələnən hər bir vətəndaşımız bu cür xaricdən gələn qeyri-ənənəvi, dini təfriqə və fəlakət yaymağa hesablanmış cərəyanların təsiri altına düşməz, yolunu azmaz. Çünki informasiyası, Azərbaycan, onun tarixi və dini xüsüsiyyətləri barədə bilgiləri çox olan hər kəs bütün bu “din” oyunlarının xarici təxribat məkəzlərinin işi olduğunu yaxşı bilir”. 
      Tədbirdə həmçinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev və digərləri də mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılara TUMİB-in fəxri diplomları təqdim olundu.

Keçidlər