Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda sahibkarlara güzəştli kreditlər verilib

06 iyun 2014 | 15:00

İyunun 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv bağçılıq, tərəvəzçilik və çayçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilməklə, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forumda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov rayonda sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən söz açıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə çıxışı zamanı 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması məqsədilə 5000-ə yaxın yeni iş yerinin yaradılması üçün zəmin yarandığını diqqətə çatdırıb. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı,  mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı əldə olunub.
İşgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq,  əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində Lənkəran rayonun Digah kəndində güzəştli kredit ayrılmış gündəlik istehsal gücü 15 ton olan çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

 

Keçidlər