Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 91-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS

08 may 2014 | 15:00

Mayın 7-də Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirildi.
Əvvəl konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Mərkəzin rəsm studiyasının gənc rəssamlarının Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış oldular.
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda keçirilən konfransı Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov giriş sözü ilə açdıqdan sonra geniş məruzə etdi. Natiq bildirdi ki, Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Məruzəçi qeyd etdi ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində həmişə xalqın milli özünüdərkinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişi mühüm yer tutmuşdur. Bu illərdə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük dirçəlişə nail olan, ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarmışdır.
İcra başçısı daha sonra Dahi Rəhbərin ötən əsrin 70-80-ci illərində Lənkərana etdiyi tarixi səfərlərindən, həmin illərdə Lənkəranın iqtisadiyyatının sürətli inkişafından, rayonumuzun böyük tikinti meydançasına çevrilməsindən, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşmasından və s. məsələlərdən ətraflı söz açdı.
Taleh Qaraşov bildirdi ki, 1993-cü ildə Azərbaycanın müasir milli inkişaf siyasətinin əsasını qoyan Ümummilli Lider  Heydər Əliyev 1993-2003-cü illərdə möhkəm iradəsi, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində respublikamızın suverenliyini qoruyub saxlaya bildi, dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirildi. Bu dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz bütün sahələr üzrə möhkəmləndirildi, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu  subyektinə çevrildi. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi, gələcək inkişafının beynəlxalq təminatı yaradıldı və maddi resursları təmin olundu. Ölkəmizin iqtisadi qüdrətinin artması əhalinin sosial rifahının yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün əsaslı zəmin yaratdı.
İcra başçısı həmçinin müstəqillik illərində Dahi Rəhbərin Lənkərana göstərdiyi diqqət və qayğıdan, hazırda bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların müvəffəqiyyətlə yerinə yetirilməsindən danışdı, Ulu Öndərin ölməz, işıqlı xatirəsinin xalqımızın, o cümlədən lənkəranlıların qəlbində əbədi yaşayacağını əminliklə söylədi.
Sonra məruzə ətrafında müzakirələrdə şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova, Xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev və Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov çıxış edərək Ümummilli Liderin şərəfli ömür yolu haqqında ürək sözlərini söylədilər, arzu və təkliflərini bildirdilər.
Konfransı Taleh Qaraşov yekunlaşdırdı.

Keçidlər