Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

2014-cü ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər barədə Şura yığıncağı keçirildi

17 aprel 2014 | 15:00

Aprelin 17-də Heydər Əliyev Mərkəzində  Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

Şura iclasında “2014-cü ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr” barədə hesabat müzakirə edildi.
İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirdi ki, 2014-cü ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram  və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilmiş siyasət nəticəsində cari ilin 3 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artmış, kənd təsərrüfatında 3 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4,5 faiz artmış, inflyasiya 2 faiz olmuşdur.
İcra başçısı ölkəmizdə cari ilin 3 ayı ərzində  əldə edilmiş nailiyyətlərin xalqla dövlətin vəhdətinin bariz nümunəsi olduğunu, beynəlxalq qurumların Azərbaycanda gedən dinamik inkişafa yüksək qiymət verdiyini, iqtisadiyyatımızın dayanıqlığının təmin edildiyini, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən cəsarətlə, dönmədən, islahatlar yolu ilə həyata keçirildiyini xüsusi vurğuladı.
Taleh Qaraşov sonra  bu uğurların əsasən 3 faktor – cənab Prezidentin praqmatik kursu,  hakimiyyət komandasının fədakar fəaliyyəti və ən vacib – xalqın dövlət başçımızın siyasətini daim dəstəkləməsi nəticəsində qazanıldığını diqqətə çatdırdı.
İcra başçısı möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Lənkəran rayonunun  sürətli inkişafından, 2014-cü ilin rayonumuzun həyatında uğurlu il olacağından, yeni proqram və layihələrin həyata keçiriləcəyindən və s. məsələlərdən əminliklə bəhs etdi.
Sonra gündəlikdə duran məsələ barədə geniş məruzə dinlənildi.
Məruzədə bildirildi ki, 2014-cü ilin birinci rübündə rayonumuzda da sosial-iqtisadi inkişaf artan templə davam etmişdir. Rayonda bu müddətdə  ümumi məhsul buraxılışı 6,1 faiz artaraq 57 milyon manat  təşkil etmişdir. Sənayedə 4,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi  1,5 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 61,2 faiz təşkil etmişdir.
2014-cü ilin birinci rübündə sənayedə işləyənlərin orta aylıq əmək haqqı 15,4 faiz artaraq 270 manata çatmışdır.
Cari ilin birinci rübündə  rayonda cəmi 660 yeni iş yeri açılmışdır ki, onlardan 540-ı  daimi iş yerləridir.
Bildirildi ki, rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarları suvaqlanaraq bardürlər və hasarlar yenidən rənglənir.
Cari ilin I rübündə şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhər daxili küçələrdə yolların sıradan çıxmış hissələrində 1470 kvadrat/metr cari təmir işləri aparılmışdır. Lənkəran şəhərinin abadlaşdırılması üçün ölkə prezidentinin sərəncamı ilə ayrılmış vəsaitə uyğun olaraq Göyşaban-Ürgə kəndləri ərazisində, şəhərin F.Məmmədov küçəsində, Bakı-Astara magistal yolunda və Fizuli küçəsində hasarların ağ laylarla üzlənməsi, Akademik Zərifə Əliyeva küçəsində və Vağzalyanı ərazidə səkilərə tamet və bardürlərin düzülməsi, Ə.Əliyev adına parkın tamamilə yenidən qurulması, parkın daha keyfiyyətli   tametlə döşənməsi və bardürlərin bərpası, divarların ağ layla üzlənməsi işləri davam etdirilmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənir. Xocalı soyqırımı abidə- kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq iş başa çatdırılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.
Daha sonra sənaye müəssisələrində, nəqliyyatda, Lənkəran Regional Poçt Filialında, Lənkəran Telekommunikasiya Qovşağında birinci rübdə görülən işlər barədə məlumat verildi.
Məruzəçi həmçinin, cari ilin birinci rübündə aqrar sahədə görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən bəhs etdi. Novruz bayramı ərəfəsində rayonda yeyinti məhsullarının satış yarmarkasının keçirilməsindən, əhaliyə göstərilən ticarət xidmətindən, əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsinin ŞİH-nin daim diqqət mərkəzində olmasından, tənha, ahıl və ya əlil vətəndaşlara, həmçinin rayonda məskunlaşmış müvəqqəti köçkün ailələrinə  göstərilən qayğıdan ətraflı söhbət açdı.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında da məlumat verildi.
Məruzəçi eyni zamanda avtomobil yollarında həyata keçirilən cari təmirdən, şəhərin müxtəlif küçələrində yerinə yetirilən asfaltlaşma işlərindən, cari ilin birinci rübündə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən tədbirlərdən, rayonda Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi və idmanın inkişafı sahəsində həyata keçirilən ardıcıl işlərdən, ŞİH başçısı yanında keçirilən Şura iclaslarında müzakirə olunan məsələlərdən, İcra hakimiyyətində vətəndaşların yazılı müraciətinə baxılması məsələlərindən söz açdı.
Natiq məruzədə 2014-cü ilin sonrakı aylarında rayonun sosial-iqtisadi sahəsində qarşıda duran həlli vacib məsələləri diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələrdə şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Lənkəran ŞİH başçısının  Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və Lənkəran ŞİH başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məlahət Nəsirova çıxış edərək cari ilin birinci rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri bir daha diqqətə çatdırdı, 2014-cü ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

Keçidlər