Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “TOLERANTLIQ AZƏRBAYCAN CƏMİYYƏTİNİN YAŞAM NORMASIDIR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

20 mart 2014 | 16:00

Martın 19-da Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, rayon ağsaqqallarının, ziyalıların və icma nümayəndələrinin birgə iştirakı ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi Möhübbət Hüseynov çıxışında qeyd etmişdir ki, son illər müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qlobal islahatlar həyata keçirilmişdir. Görülmüş kompleks tədbirlər nəticəsində respublikamız bir çox sahələr üzrə yüksək potensiala malik olan bir dövlət kimi dünyanın qabaqcıl ölkələri arasında özünə layiqli yer tutmuşdur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılmışdır.
Ölkədə dövlətlə dini qurumlar arasında münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
Radikal yönümlü təriqətlərin, sektalar, dini icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkə ərazisində ictimai sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiq edilərək icraya yönəlmiş və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra konkret tədbirlər görülmüşdür.
Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edərək bildirmişdir ki, müasir mərhələdə Azərbaycan hökumətinin din siyasəti Ulu Öndər Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən bəhrələnən belə uğurlu siyasətin məntiqi nəticəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Lənkəran şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov Lənkəran şəhərində dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında çıxış etmişlər.

Keçidlər