Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ƏHALİNİN TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ MÜTƏŞƏKKİL DAVAM EDİR

22 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkə vətəndaşlarının dövlət hesabına pulsuz tibbi müayinələrə cəlb edilməsi Lənkəranda da mütəşəkkilliklə davam edir. Aksiyanın hazırki vəziyyəti haqqında məlumat almaq və müayinələrin gedişi ilə yaxından tanış olmaq məqsədi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında olduq. Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev məlumat verərək bildirdi ki, hazırda rayonun iki böyük səhiyyə ocağında – Lənkəran Mərkəzi Rayon Xəstəxanasında və Regional Müalicə-Diaqnostika Mərkəzində yüksək ixtisaslı həkim briqadaları əhalini kütləvi şəkildə tibbi müayinədən keçirir və müalicədən ötrü diaqnoz təyin edirlər. Fevralın 17-dən etibarən eyni səhiyyə müəssisələrinin terapevt, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nervpotoloq və dermotoloqlardan ibarət 7 nəfərlik 8 həkim briqadası qrafikə uyğun olaraq hər gün səhər saat 9-dan başlayaraq saat 16-dək şəhərdə,kənd və qəsəbələrdə sakinlərin tibbi müayinələrini həyata keçirir. Fevralın 21-dək həkim briqadaları Lənkəran şəhərində,İstisu qəsəbəsində,Bəlləbur,Separadi və Tükəvilə kəndlərində olmuş və burada sakinlərin tibbi müayinələrini aparmışlar.
Müayinələrin aparılması qrafiki ilə əlaqədar məlumat verən baş həkimin müavini Taleh Məmmədli isə qeyd etdi ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin müayinə olunmaları üçün qrafikə uyğun ardıcıl olaraq müəyyən günlər nəzərdə tutulubsa da sadə sakinlər üçün hər hansı bir gün məhdudiyyəti yoxdur. İstənilən vətəndaş müayinələrin keçirildiyi tibb müəssisəsinə gələrək bu xidmətdən istifadə edə bilər. Şəxsiyyət vəsiqəsi ilə müraciət edən vətəndaşlara məhz bu xidmət üçün tərtib olunan xüsusi profilaktik müayinə blankı təqdim olunur. Bu blankda sağlamlıqla bağlı əsasən 7 sahə üzrə müayinələr aparılır. T.Məmmədli əlavə olaraq bildirdi ki, müraciət edən vətəndaş ilk olaraq xəstəxananın poliklinika şöbəsində peşəkar həkimlər tərəfindən dinlənildikdən sonra müayinədən keçirilir. Əgər vətəndaşda hər hansı bir qeyri-sağlam hal aşkarlanarsa bundan sonra o, daha dərin hesab olunan instrumental müayinəyə cəlb edilir və gedişatdan asılı olaraq lazım gələrsə müalicə üçün xüsusi göndərişlə müəyyən səhiyyə müəssisəsinə göndərilir.
Müayinələrin gedişi ilə bağlı suallarımızı cavablandırarkən T.Məmmədli bildirdi ki, rayon üzrə ümumilikdə 3200 vətəndaş müayinələrdən keçirilib. Müayinələr zamanı xəstə olduqları aşkarlanan 200 sakin yerli səhiyə müəssisələrinə, daha 10 nəfər isə paytaxt Bakıya müalicə üçün göndərilib. Aşkar olunan xəstəliklər arasında müxtəlif formalı göz və ürək xəstəlikləri çoxluq təşkil edir. Xəstəlik vəziyyəti nəzərə alınaraq bir qrup göz xəstəsi Bakıda yerləşən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, ürək xəstələri isə Respublika Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndərilib.
Xəstəxanada olarkən vətəndaşların aksiya ilə bağlı təəssüratlarını öyrəndik.
Nərmin Dadaşova: “Mən Lənkəran Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıram. Cənab Prezidentin vətəndaşların pulsuz olaraq, dövlət hesabına tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığı barədə məlumat alanda bir daha ölkə başçımızın vətəndaşların qayğısına necə böyük diqqət yetirdiyinin şahidi oldum. Əslində bu, xüsusilə aztəminatlı və çoxuşaqlı ailələr üçün əvəzsiz bir xidmətdir. Bütün bunlardan ötrü cənab Prezident İlham Əliyevə minnətdaram”.Məhz cənab Prezident İlham Əliyevin ardıcıl qayğısı və diqqəti sayəsində bugün Lənkəran şəhərində dünya səviyyəli tibbi xidmət üçün hər cür şərait yaradılmışdır.Regional Müalicə Diaqnostika Mərkəzi,Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirindən sonra yenidən istifadəyə verilmiş binası,Perinatal Mərkəz,Narkoloji Xəstəxananın təzə tikilmiş binası,Uşaq Poliklinikası buna ən gözəl nümunədir.Bu da sübut edir ki, yaşayaışımızın bütün sahələri kimi sağlamlığımız da cənab Prezident İlham Əliyevin daimi diqqətindədir.Çox sağ olsun!
Aydın Rəhimov: “65 yaşım var. Maliyyə sıxıntısı üzündən səhhətimin qayğısına diqqət göstərməkdə və mütəmadi müayinələrdən keçməkdə çətinlik çəkirdim. Hazırda xəstəxanada olmağımın və burada pulsuz olaraq yüksək həkim personalının tibbi müayinələrindən keçməyimin səbəbkarı olan Prezident İlham Əliyevə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Həqiqətən də bir pensiyaçı kimi bu gün mənə göstərilən tibbi xidmətdən çox razıyam”.Allah Prezidentimizi qorusun!
Həqiqət Abdulova: “Uzun illər xidmət sahəsində çalışmışam. Hazırda əmək pensiyaçısıyam. Ölkə başçısının vətəndaşların pulsuz tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığından sonra mən də Lənkəran MRX-na gələrək tibbi müayinələrdən keçdim. Məni qarşılayan həkim kollektivinin səhhətimin qayğısına diqqətlə yanaşması, müayinə üçün yaradılan şərait məndə böyük razılıq hissi yaratdı. Əlbəttə, bu, hamıdan əvvəl məhz cənab Prezident İlham Əliyevin sosial statusundan asılı olmayaraq bütün ölkə vətəndaşlarına göstərdiyi diqqətin və qayğının parlaq nümayişidir. Mən bütün yaradılan şəraitə görə ölkə başçımıza minnətdarlığımı bildirir, bir ana kimi ona uzun ömür diləyirəm”.
Aksiyanın başa çatacağı 1 may tarixinədək rayon üzrə qeydiyyatda olan 102896 vətəndaşın müayinələrdən keçirilməsi nəzərdə tutulub.

Keçidlər